İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər

İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər

ABONE OL
26 Eylül 2023 11:12
İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
0

BEĞENDİM

ABONE OL

 

 

 

 

İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər

2023,

İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər

 

 

 

 

Sentyabrın 25-də Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər.

Əvvəlcə dövlətimizin başçısı bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin bəyanatı

– Əziz qardaşım.

Hörmətli qonaqlar.

Naxçıvana xoş gəlmisiniz. Sizi səmimiyyətlə salamlayıram.

Əziz qardaşım, bu, Sizin Naxçıvana ikinci səfərinizdir və səfər zamanı imzalanmış sənədlər Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına xidmət göstərəcək.

 

 

 

İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi qardaşlıq münasibətlərimizin tarixində önəmli hadisədir və bizim əlaqələrimizə yeni təkan verəcək, Naxçıvanın enerji təhlükəsizliyini daha böyük ölçüdə təmin edəcək.

Naxçıvan Azərbaycanın qədim diyarıdır. Əfsuslar olsun ki, 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Qərbi Zəngəzur Azərbaycandan ayrılmışdır və beləliklə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında coğrafi bağlantı kəsilmişdir. Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini aparmağa başlayanda Naxçıvana qarşı da onların ərazi iddiaları var idi. Burada da şiddətli döyüşlər gedirdi və məhz o vaxt Azərbaycanın böyük oğlu Heydər Əliyevin rəhbərliyi ilə, – o zaman o, Naxçıvanın başçısı idi, – Naxçıvan düşməni yerinə oturtdu və öz ərazisini qoruya bildi. Ancaq o vaxt Naxçıvanın enerji təminatı Azərbaycanın əsas hissəsindən olduğu üçün Ermənistan bütün elektrik və qaz xətlərini kəsmişdi və Naxçıvan faktiki olaraq mühasirədə idi. İşıq yox, qaz yox, qışlar da çox soyuq keçir və 15 il Naxçıvan qazsız yaşamışdır.

 

 

 

 

Ancaq 2005-ci ildə İran İslam Respublikası ilə imzalanmış anlaşmaya görə, mübadilə yolu ilə İrandan Naxçıvana qazın verilməsi təmin edilmişdir. İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi isə ikinci xətt vasitəsilə Naxçıvana təbii qazın verilməsinə şərait yaradacaq.

Bir neçə gündən sonra, daha doğrusu, üç gündən sonra Naxçıvanda Türkiyə və Azərbaycanın vəzifəli şəxslərinin, beynəlxalq təşkilatların iştirakı ilə Türkiyə-Azərbaycan III Enerji Forumu keçiriləcəkdir və əminəm ki, bu forumun nəticələri uğurlu olacaq. Naxçıvanın qazı, nefti olmasa da, günəşi var və Naxçıvanda günəş elektrik stansiyalarının inşası ilə bağlı bizim böyük planlarımız var. Bu planlar gerçəkləşərsə, Naxçıvan yaşıl enerji zonasına çevrilə bilər. Çünki burada həm günəş, həm külək, eyni zamanda, su elektrik stansiyalarının inşası üçün böyük potensial var və gələcəkdə Naxçıvandan Türkiyəyə ən azı 1000 meqavat həcmində yaşıl enerji ixracı da mümkün olacaqdır.

Beş gün bundan əvvəl Azərbaycan öz suverenliyini tam təmin etmişdir. Əgər üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoymuşduqsa, bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla ərazi bütövlüyümüzü tam bərpa etmişdiksə, beş gün əvvəl biz suverenliyimizi tam təmin etdik, bərpa etdik. 24 saat ərzində, ondan da az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan ordusu təslim oldu, bizim şərtlərimizi qəbul etdi və beləliklə, Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir.

 

 

 

 

Beş gün keçməsinə baxmayaraq, artıq Azərbaycandan onun Qarabağ bölgəsinə, orada yaşayan erməni əhalisinə humanitar yardımlar göndərilməsinə başlanmışdır. Yanacaq – neft, dizel, benzin, ərzaq məhsulları, dərman preparatları və digər humanitar yardım edilir və bu, bir daha onu göstərir ki, Qarabağ bölgəsində yaşayan insanlar milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycan vətəndaşlarıdır, onların təhlükəsizliyi, hüquqları Azərbaycan dövləti tərəfindən təmin ediləcəkdir.

Bir neçə gün bundan əvvəl Qarabağ ermənilərinin nümayəndələri ilə Azərbaycanın dövlət strukturlarının nümayəndələri arasında Yevlax şəhərində görüş keçirilmişdir. Bu gün ikinci görüş keçirilir, onun nəticələri haqqında mənə hələ ki, məlumat verilməmişdir. Ancaq Qarabağda yaşayan erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiya prosesi, əminəm ki, uğurla gedəcək.

Əziz qardaşım, bu hadisə baş verəndə Siz Amerikada, Nyu-Yorkda idiniz, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak etmişdiniz və orada dünyanın ən ali kürsüsündən Azərbaycan dövlətinin maraqlarını ifadə edən bəyanatlar vermişdiniz, ədalətli bəyanatlar vermişdiniz, tamamilə beynəlxalq hüquqa əsaslanmış bəyanatlar vermişdiniz: Qarabağ Azərbaycan torpağıdır. Bu, həm həqiqətdir, eyni zamanda, beynəlxalq hüquqa tam uyğundur. Eyni zamanda, Türkiyə tərəfindən göstərilən növbəti qardaşlıq addımıdır. İkinci Qarabağ müharibəsi zamanı Siz və bütün Türkiyə xalqı bizim yanımızda idi. Müharibənin ilk saatlarında “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” deməyiniz bir çoxları üçün ciddi siqnal idi, mesaj idi. Azərbaycan xalqı bu siyasi və mənəvi dəstəyi heç vaxt unutmur və unutmayacaq.

 

 

 

İki il bundan əvvəl Şuşa şəhərində – uzun zaman davam edən işğaldan sonra azad edilmiş Şuşa şəhərində Şuşa Bəyannaməsi – müttəfiqlik bəyannaməsi bizim münasibətlərimizi yeni müstəviyə qaldırdı. Bu gün bu əlaqələr ən yüksək zirvədədir və bütün istiqamətlər üzrə biz indi əlaqələrimizin çox fəal dövrünü yaşayırıq. Bu gün təməlini qoyduğumuz İğdır-Naxçıvan qaz xətti – vaxtilə biz Sizinlə TANAP layihəsinin təməlini qoymuşduq, TANAP boru xəttinin açılışını bərabər etmişdik – bu gün isə Türkiyədən Azərbaycanın parçası olan Naxçıvana qaz kəmərinin inşası ilə bağlı işlərə start veririk. Qars-Naxçıvan dəmir yolunun inşasına dair Niyyət Protokolunun imzalanması da tarixi hadisədir. Əminəm ki, bu layihə də uğurla həyata keçiriləcək və beləliklə, Orta Dəhlizin bir qolu kimi həm Azərbaycana, həm Türkiyəyə, həm də digər ölkələrə xidmət göstərəcəkdir.

 

 

 

 

Biz bu gün Sizinlə, eyni zamanda, Bakı-Tbilisi-Qars dəmir yolunun potensialının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi apardıq və mən Sizə məlumat verdim ki, yaxın aylarda bu yolun imkanları 1 milyon tondan 5 milyon tona qədər artırılacaq. Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirən dəmir yolunun inşası da uğurla gedir. Azərbaycan ərazisində işlər böyük ehtimalla gələn ilin sonunda başa çatmalıdır. Yəni, bütün bu tarixi layihələr bir daha onu göstərir ki, bizim dövlətlərimiz nə qədər bir-birinə bağlıdır, bir-birinə yaxındır. Biz bir-birimizə dəstək verməklə, eyni zamanda, regional məsələləri də düz istiqamətə yönəldirik. Yəni, bizim müştərək maraqlarımız ondan ibarətdir ki, bölgədə sülh olsun, əmin-amanlıq olsun, müharibələr olmasın, ölkələrin ərazi bütövlüyü təmin edilsin. Azərbaycana göstərdiyiniz dəstək həm İkinci Qarabağ müharibəsi zamanı, həm ondan əvvəl, həm də ondan sonra məhz bu məqsədə çatmaq üçün önəmli amildir.

 

 

 

 

Biz Azərbaycanda həqiqətən tarixi anlar, günlər, illər yaşayırıq. İkinci Qarabağ müharibəsi, tarixi Zəfərimiz, beş gün bundan əvvəl uğurlu əməliyyat nəticəsində suverenliyimizin bərpası tarixi hadisələrdir və haqlı olaraq bununla qürur duyuruq.

Bütün istiqamətlər üzrə, o cümlədən ticarət dövriyyəmizin artırılması istiqamətində önəmli addımlar atılmışdır. Bizim ticarət dövriyyəmiz keçən il 6 milyard dollardan çox olub. Ancaq bu ilin yeddi ayında 40 faiz daha artmışdır və əminəm ki, daha da artacaq. Düzdür, hədəf çox, yəni yüksək rəqəmlərlə ölçülür. Bir müddət bundan əvvəl 15 milyard dollar ticarət dövriyyəsi hədəfləmişdik. O zaman ticarət dövriyyəsi təqribən 2 milyard dollar idi. Amma indi 6 milyard dolları ötübdür, yəqin ki, yaxın gələcəkdə buna da çatacağıq. Preferensial ticarət anlaşması da imzalanmışdır və o siyahıda olan məhsulların sayı da artır. Ona görə əminəm ki, biz buna da uğurla çatacağıq.

 

 

 

Əziz Qardaşım, hörmətli qonaqlar, Sizi Naxçıvanda bir daha səmimiyyətlə salamlayıram. Sizə Azərbaycan xalqının hədsiz məhəbbət və sevgisini bir daha ifadə edirəm. Sizə və qardaş Türkiyə xalqına yeni uğurlar, yeni qələbələr arzulayıram. Sağ olun.

x x x

Sonra Türkiyə Prezidenti bəyanatla çıxış etdi.

Prezident Rəcəb Tayyib Ərdoğanın bəyanatı

– Hörmətli Prezident, Əziz Qardaşım.

Xanımlar, cənablar.

Hörmətli mətbuat nümayəndələri.

 

 

 

Sizi öz adımdan və nümayəndə heyətim adından ən səmimi hisslərlə salamlayıram.

Prezident seçkilərindən sonra ilk səfərimi iyun ayında Şimali Kipr Türk Respublikası ilə birlikdə Bakıya etmişdim. Bu dəfə sizinlə Türkiyəni Türk dünyası ilə birləşdirən Naxçıvanda birlikdə olmaqdan böyük məmnunluq duyuram. 2008-ci ildəki son səfərimdən etibarən Naxçıvanın əldə etdiyi inkişafı qürurla müşahidə etdim. Naxçıvanın bugünkü səviyyəyə çatmasında böyük payı olan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevi anadan olmasının 100-cü ildönümündə bir daha ehtiramla yad edirəm.

Türkiyə-Azərbaycan əlaqələri dünyada tayı-bərabəri olmayan müstəsna səviyyədədir. “Bir millət, iki dövlət” şüarı çərçivəsində əlaqələrimizi və əməkdaşlığımızı bütün sahələrdə gücləndirmək üçün fəaliyyətimizi davam etdiririk. İlham qardaşımla imzaladığımız Şuşa Bəyannaməsi əlaqələrimizi müttəfiqlik səviyyəsinə yüksəldən bir dönüş nöqtəsidir. Naxçıvan tarix boyu daşıdığı strateji əhəmiyyəti ilə Azərbaycanla əlaqələrimizdə xüsusi yerə sahibdir. Naxçıvan bu gün də iqtisadiyyat, nəqliyyat və enerji xətləri baxımından böyük potensiala malikdir. Regional nəqliyyat xətlərinin yaradılması ilə birlikdə bu potensialı tam mənasında həyata keçirmək imkanına sahib olacağıq.

 

 

 

 

Xəzər dənizindən keçən Beynəlxalq Şərq-Qərb Orta Dəhlizin əhəmiyyəti koronavirus pandemiyası və bölgəmizdə yaşanan müharibələr nəticəsində daha yaxşı dərk edilmişdir. Bu baxımdan bir qədər əvvəl təməlini qoyduğumuz İğdır-Naxçıvan qaz kəməri layihəsi Azərbaycan ilə enerji sahəsində ortaqlığımızı daha da dərinləşdirəcəyi kimi, Avropanın enerji təhlükəsizliyinə də töhfə verəcək. Qars-Naxçıvan dəmir yolu layihəsi ilə yanaşı, yaşayış binaları və elektrik enerjisi ilə bağlı müqavilələr bir az əvvəl imzalandı. Beləliklə, nəqliyyat, logistika və enerji sahələrindəki əlaqələrimizi inkişaf etdirməklə bağlı iradəmizi bir daha ortaya qoyduq.

 

 

 

 

Azərbaycanlı qardaşlarımıza 6 fevraldakı zəlzələlərin yaralarının sağalmasına verdikləri güclü dəstək üçün öz adımdan və millətim adından bir daha təşəkkür edirəm. Varını-yoxunu avtomobilinin üzərinə yükləyib millətimizə yardım etmək üçün yola çıxan qardaşlarımızın səmimiyyətini heç vaxt unutmayacağıq.

 

 

 

Mətbuata bəyanatlarımızdan sonra modernləşməsini həyata keçirdiyimiz bərpa-istehsalat hərbi kompleksinin açılışını edəcəyik. Bu layihə də müdafiə sənayesi sahəsində əməkdaşlığımıza ciddi töhfələr verəcək.

 

 

 

 

Hörmətli mətbuat nümayəndələri, son günlərdə bölgəmizdə kritik proseslər yaşandı. Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra keçən üç ilə yaxın müddətdə dəfələrlə ifadə etdiyi legitim və haqlı narahatlıqları ilə bağlı lazımi cavabı təəssüf ki, tapa bilmədi, nəticədə özünün suveren ərazilərində antiterror tədbirləri həyata keçirmək məcburiyyətində qaldı. Bu tədbirlərin son dərəcə qısa müddətdə, mülki şəxslərin hüquqlarına yüksək həssaslıq göstərilərək uğurla başa çatdırılması bizim üçün qürur mənbəyi olmuşdur. Tədbirlər zamanı şəhid olan qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına başsağlığı diləyirəm. Yaralılarımıza tezliklə şəfa tapmalarını arzulayıram.

Naxçıvanın görkəmli şairi Mehmet Akifin əqidə yoldaşı mərhum Hüseyn Cavidin bir əsr əvvəl etdiyi bu duasının qəbul olunduğunu görməyin xoşbəxtliyini yaşadıq:

 

 

 

 

Hər bəladan əsirgə yurdumuzu,

Kamran еylə şanlı ordumuzu…

Müzəffər Azərbaycan Ordusunu həm tarixi qələbəsi, həm də mülki şəxslərə göstərdiyi humanist davranışı münasibətilə ürəkdən təbrik edirəm. Azərbaycanlı qardaşlarımız Türk millətinin ədalət və mərhəmətini bir daha bütün dünyaya göstərmişlər.

Son zəfərlə birlikdə bölgədə əhatəli normallaşma üçün yeni fürsət pəncərələri açılmışdır. Bu fürsətin dəyərləndirilməli olduğuna inanıram. Ermənistanın ona uzadılan sülh əlini tutmasını və artıq səmimi addımlar atmasını gözləyirik. Hər zaman vurğuladığım kimi, sülhün uduzanı olmaz. Bölgəmizdə sülh, sabitlik və rifahın yaranması xalqlarımıza olan borcumuzdur. Biz bu borcu yerinə yetirməkdə qətiyyətliyik, səmimiyik. Arzumuz qarşı tərəfin də eyni səmimiyyəti göstərməsidir.

 

 

 

 

Bu düşüncələrlə Can Azərbaycanda olmaqdan duyduğum məmnunluğu bir daha ifadə edirəm. Mənə və nümayəndə heyətimə göstərilən qonaqpərvərlik üçün Prezident, qardaşım cənab Əliyevə və azərbaycanlı qardaşlarımıza bir daha təşəkkür edirəm. Rəbbim sevgimizi, qardaşlığımızı daimi etsin. Sağ olun.

Böyük ölçüdə video

 

 

 

 

Böyük ölçüdə şəkillər
BÜTÜN YAZILAR
XƏBƏRLƏR
SƏNƏDLƏR
VİDEOLAR
ŞƏKİLLƏR

kaynak:https://president.az/az/articles/view/61247

 

 

 

Bu yazı yorumlara kapatılmıştır.


HIZLI YORUM YAP

SON DAKİKA HABERLERİ

Veri politikasındaki amaçlarla sınırlı ve mevzuata uygun şekilde çerez konumlandırmaktayız. Detaylar için veri politikamızı inceleyebilirsiniz.